05 noyabr 2024 12:06
158

"Barselona" - "Atletiko" oyunu Mayamidə keçirilməyəcək

La Liqanın 18-ci turunun "Barselona" - "Atletiko" matçı Mayamidə (ABŞ) keçirilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Daha əvvəl qarşılaşmanın Mayamidə təşkil olunması planlaşdırılırdı. Lakin görüş Barselonada oynanılacaq.

La Liqanın prezidenti Xavyer Tebas hesab edir ki, indiki şəraitdə Valensiyada baş verən hadisələr fonunda İspaniya çempionatının oyunlarını ABŞ-da keçirməyin vaxtı deyil.

Federasiya başa düşür ki, indi başqa prioritet vəzifələr var: Məsələn, daşqın səbəbindən matçların kütləvi təxirə salınması fonunda Kral Kuboku təqviminə yenidən baxılması.

Bundan başqa, matçların başqa ölkədə keçirilməsinə razılıq verməli olan İspaniya Futbol Federasiyası da daimi prezidentin olmaması səbəbindən çətin vəziyyətlə üzləşib.

Buna baxmayaraq, federasiya İspaniya çempionatının oyunlarının ştatlarda keçirilməsi ideyasından əl çəkmir. İddialara görə, “Barselona” və “Atletiko” arasında növbəti görüşlər gələn il Mayamidə keçirilə bilər.

Qeyd edək ki, Kataloniya klubu bu matçı ABŞ-da oynamaqla təxminən 6 milyon avro qazanmağı gözləyirdi.