05 noyabr 2024 17:59
102

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib - FOTO

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki,  aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Respublika Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.

Respublika Qan Bankının həkimi Günel Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan və digər xəstəliklərdən əziyyət çəkən insanlara yardım etməkdir.

Yeni Azərbaycan Partiyasının davamlı olaraq qanvermə aksiyası təşkil etdiyini xatırladan G.Mehdiyeva bu təşəbbüsün humanist xarakter daşıdığını qeyd edib: “Qanvermənin insan sağlamlığına bir çox faydaları var. Burada toplanan qanlar Respublika Qan Bankında müayinə olunacaq və aidiyyatı üzrə istifadə ediləcək. Belə bir xeyirxah təşəbbüsə görə partiyanın rəhbərliyinə, Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300-dən artıq YAP üzvü iştirak edib.