07 noyabr 2024 19:18
325

AMB və IFC COP29-da Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) noyabr ayının 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günündə keçiriləcək, dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevriləcək.

"AMB COP29-a ev sahibliyi edən ölkənin mərkəzi bankı olaraq IFC-nin dəstəklədiyi Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi, Dayanıqlı Maliyyə Beynəlxalq Platforması, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə tərəfdaşlıqda “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”nin təşəbbüskarı kimi çıxış edib. Əlavə olaraq böyük məmnunluqla taksonomiyanın qarşılıqlı effektivliyinin artırılması üzrə həyata keçirilən layihədə fəal iştirak edən BMT-nin Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün də dəstəyini xüsusi vurğulayırıq", - deyə məlumatda qeyd olunub.

Yol Xəritəsinin məqsədi dayanıqlı maliyyə çərçivələri ilə bağlı müxtəlif səyləri əlaqələndirmək, daha aydın, praktiki və mütəşəkkil fəaliyyətlər vasitəsilə onları operativləşdirməkdir.

Tədbir "Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin artırılması üzrə Yol Xəritəsi”ni elan etmək üçün yüksək səviyyəli platformaya çevriləcəkdir. Müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli inkişafı nəticəsində yaranan çağırışları və imkanları müzakirə etmək məqsədi daşıyan tədbir dayanıqlı maliyyəyə koordinasiya edilmiş qlobal yanaşmanı dəstəkləmək üçün maraqlı tərəflərin öhdəliklərini təsvir edəcək.

Bu tədbirdə yalnız Mavi Zonada akkreditasiyadan keçmiş şəxslər iştirak edə bilər.