03 oktyabr 2017 19:24
701

Bakıda ilk tanqo festivalı keçiriləcək

Oktyabrın 4-dən 7-dək Bakıda ödənişsiz tanqo dərsləri, rəqs performansları və canlı musiqi sədaları ilə Argentina tanqosuna həsr olunmuş ilk beynəlxalq tanqo festivalı keçiriləcək.

Argentina səfirliyindən AZƏRTAC-a bildirilib ki, festival səfirliyinin dəstəyi və yerli rəqs məktəbləri - “I.N. Tango Baku”, “Tango ON” və “R&N-Project Dance School”un təşkilatçılığı ilə reallaşacaq. Bütün dərslər və tədbirlər ödənişsiz olacaq. Festivalda əsas məqsəd həmişə tanqo oynamağı düşünən, lakin ilk addımı atmağa cəsarət etməyən insanlara yardımçı olmaqdan ibarət. Buna görə Argentina və Gürcüstandan dəvət olunan müəllimlərlə hər gün yeni başlayanlar üçün (və orta səviyyə) dərslər keçiriləcək.

Yeni başlayanlar üçün dərslərdən dərhal sonra festivalın ən maraqlı hissəsi – “Qala Milonqa” (Argentina tanqosu gecəsi) başlayacaq. Qonaqlar yerli musiqiçilər - Aleksey Miltix (violonçel), Ceyla Seyidova (skripka) və Səidə Tağızadənin (piano) müşayiəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs edəcəklər. Fasilələr zamanı qonaq və yerli müəllimlər audivizual səhnəni tamamlayaraq qısa rəqs performansları nümayiş etdirəcəklər.

Oktyabrın 7-də açılış milonqası (milonqa spontan sosial rəqslər üçün insanların bir yerə yığılmasıdır) və “Çakarera” dərsi (Argentina folklor musiqisinin digər bir növü) də keçiriləcək.