Böyük şairimiz Səməd Vurğun Puşkinin “Yevgeni Onigen” əsərini dilimizə çevirib. Ustad sənətkarın böyük ilhamla şeiriyyət möcüzəsiylə ərsəyə gətirdiyi əsər sanki Puşkin Azərbaycan dilində yazıbmış. Bu, tərcümə təcrübəsinin uğurudur. Səməd Vurğunun
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə
misraları bədii tərcümənin necəlik düsturudur sanki. Şair tərcümədə orjinalın saxlanmasını da zəruri sayır, tərcümə olunan dilin incəlik çalarları ilə çevirməsi də Azərbaycan şair və yazıçıları dünya ədəbiyyatının ayrı-ayrı xalqların yazıçı və şairlərinin əsərlərini Azərbaycan oxucularına böyük sevgi ilə çatdırmağı özünə mənəvi borc bilib. Lev Tolstoy, Lermontov, Dostayevski Amerika ədəbiyyatından Cek London, Alamn ədəbiyyatından Höte və s. tərcümə olunaraq azərbaycanlı oxucularına təqdim olunub. Klassik və orta əsr ədəbiyyat karifeyləri bütün dövrlərdə sevilə -sevilə oxunub, bu gün də oxunmaqdadır.
Azərbaycanda tərcümə sənətinin inkişafı uğurla davam etməkdədir. Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi “Dünya ədəbiyyatı” dərgisi də bu qəbildəndir. Dərginin baş redaktoru tanınmış tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli hələ on il əvvəl belə bir missiyanı üzərinə götürüb. Dünya şöhrətli yazarların əsərlərini ana dilimizə həm orjinaldan, həm də ikinci dil vasitəsilə tərcümə edib tərcümələr uğurludur, bədii baxımdan təkmildir. “Dünya ədəbiyyatı” dərgisinin uğurlu nəşrinə görə Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyi tərəfindən Əhməd bəy Ağaoğlu adına mükafata da layiq görülüb. Tərcüməçi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirib.
Bu yaxınlarda Seyfəddin Hüseynlinin “Zərdabi nəşr” MMC-də işıq üzü görən “Tərcümə təcrübələri” adlı 1-ci kitabına dünya ədəbiyyatından hekayələr, essələr, söhbətlər daxil edilib. Nəşr Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Mətbuat Şurası tərəfindən dəstəklənib. Kitaba bir sıra dünya ölkələrinin; -Amerika, Türkiyə, Ərəb, Rusiya, Çin, İngiltərə, Fransa, İtaliya və başqa ölkələri ədiblərinin hekayələri daxil edib. Kitab bu baxımdan da, tərcümə baxımdan da dəyərlidir.
Amerka yazıçısı Riçard Brotiqanın “Birinci dünya müharibəsi... “Los Ancelels” təyyarəsi...” məcmuəsi ilə başlayan kitaba altımışdan artıq hekayə, esse və söhbət mövzuları daxil edilib. İngiltərəli Cerom Klapka Ceromun “Əcnəbiləri niyə sevmirik...” , italiyalı İtalo Kalvinonun “Qərərgaha gedən yol”, rusiyalı Mixail Bulqakovun “Bir xatirə; Maariflənmə həftəsi” və Mixail Yelizarovun “Maşa”sı, türkiyəli Xalidə Ədib Adıvarın “Qübbədə qalan xoş səda” və başqa insan xarakterlərini, müharibə, vəhşi təbiəti özündə əks etdirən hekayələr bir-birindən maraqlı və oxunaqlıdır.
Seyfəddin Hüseynlinin tərcümələri həm də oxucunu əcnəbi tanınan yazarlarla da tanışlığa yönləndirir... “Tərcümə təcrübəliri” kitabını oxuduqca müəllif hər hekayədə, essedə oxucunu yeni söz çalarları ilə yeni bədii fikirlə düşündürür. Tərcümə oxucunu yormur onun düşüncələrinin ortağına dönür. Tərcüməçi hadisələri dürüst, daha rəvan şəkildə oxucuya çatdırır. Seyfəddin Hüseynlinin tərcümə sahəsində qazandığı təcrübə peşəkarlıq Azərbaycan dilinin ifadə vasitələrinin zənginliyinə bədiilik tərcümələrə yeni ruh, yeni nəfəs gətirir.
Bədii tərcümə və ədəbi əlaqələr sahəsində hər zaman müəllif uğur əldə edib. 2022-ci ildə TÜRKSOY-un “Çingiz Aytmatov medalı” ilə təltif edilib.
Tanınmış tənqidçi, yazar Südabə Ağabalayevanın redaktoru olduğu “Tərcümə təcrübələri” kitabı son dövrün dəyərli əsərlərindəndir.
Bəxtiyar ƏLİYEV