26 sentyabr 2017 15:52
259

Əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan ilə Rusiyanın aqrar universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Rusiyanın Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə məlumat verib.

Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru, professor Natalya Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərinin zəruriliyini qeyd edib. O, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulmasını, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.

Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra qonaqlar universitetin tədris korpuslarında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə yaxından tanış olublar.