25 sentyabr 2017 18:32
435

İran İraqın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcək

İran İraqın ərazi bütövlüyünün pozulmasının əleyhinədir və rəsmi Bağdadı hər zaman dəstəkləyəcək.

Bu sözləri İran Prezidenti Həsən Ruhani İraqın Baş naziri Heydər Əl-İbadi ilə bu gün keçirdiyi telefon danışığında deyib.

Həsən Ruhani bildirib ki, İraqın Kürdüstan muxtar qurumunda müstəqillik haqqında referendumun keçirilməsi İraqın qanunlarına və konstitusiyasına ziddir. Onun sözlərinə görə, İraq Kürdüstanının müstəqilliyi İran, İraq və Türkiyə tərəfindən tanınmayacaq. Beynəlxalq qanunlara zidd olaraq atılan bu addım İraqda yeni gərginlik ocağı yaradacaq.

İran Prezidenti Türkiyə ilə mövqelərinin üst-üstə düşdüyünü bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığı barədə İraqın Baş nazirinə məlumat verib.

Xatırladaq ki, bu gün İraqın Kürdüstan muxtar qurumunda müstəqillik haqqında referendum keçirilir.