Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti acı təəssüf doğurur
Məlum olduğu kimi 25 dekabr 2024-ci il tarixində Bakıdan Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlamışdır. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak etmişdir. Artıq ilkin hesabat açıqlanıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunub.
Rusiya günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir
Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır. Müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. Bu faktlar təyyarənin Rusiya hava məkaında vurulmasını təsdiq edir.
Rusiya tərəfi “Malayziya Boing-2” vəziyyəti yaratmağa çalşır
“Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadla məlumat yayıb ki, Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib. Faktlar bu qədər açıq şəkildə ortada olmasına baxmayaraq Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. Hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də “Rosaviasia” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır. Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür. Rusiya tərəfi bununla “Malayziya Boing-2” vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.
Rusiya tərəfi məsələni gizlətmək istəyib
Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Ковер” əməliyyatı barədə Qoznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Ковер” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib. Bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.
Atəş əmri verənlərin və atəş açanların kimliyi bəllidir
Kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var. Atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar. Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur.
Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri var
Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu “Pantsir-S” raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır. Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır.
Anar Miriyev, “İki sahil”