06 mart 2025 23:26
105

Adın şərəflidir sənin, ey qadın!

Qadın gülürsə bu ızsız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək,- deyirdi böyük Hüseyn Cavid. Bu gün qadınların xoşbəxtliyi, toplumda  fəal mövqeyi cəmiyyətin inkişafına birbaşa təsir edən bir qüvvədir. Azərbaycan qadını da tarixin səhifələrinə öz adını şərəflə yazdırıb. Min illərin yaddaşı olan  Kitabi- Dədə Qorqudda adı çəkilən Burla xatun, Banuçiçək, Selcan xatun və digərləri həm döyüşçü, həm də sədaqətli həyat yoldaşı, mərhəmətli anadır. Zamanın bizə siyasət xadimi kimi təqdim etdiyi qadınlarımız da az deyil. Möminə xatun, Sara xatun öz diplomatiyaları ilə böyük dövlət məsələlərində, siyasi idarəçilikdə həmişə fəal iştirak ediblər. Tomris, Nüşabə isə dövlət başçısı kimi ədaləti və cəsurluğu ilə qadınlarımızın adını dünya tarixinə yazıblar. Məhsəti Gəncəvi, Heyran xanım kimi şair qadınlarımızın əsərləri  isə milyonların ilham mənbəyinə çevrilib.

Soyu, kökü bu cür qəhrəmanlara bağlanan  qadınların ictimai-siyasi işlərdə öndə getməsi gözlənilən haldır. Hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində seçib-seçilmək hüququ qazanaraq dünyanın bir çox inkişaf etmiş ölkələrini bu istiqamətdə on illər qabaqlayıb Azərbaycan qadını.

XX əsrdə ədəbiyyat, mədəniyyət, incəsənətin müxtəlif sahələrində uğur qazanması, dövlətçilik məsələlərində iştirakı baxımından xanımlarımız sanki bir renessans dövrü yaşayıblar. Bu işlərə İkinci Dünya müharibəsinin 1941-45-ci illəri əhatə edən dövründə göstərilən qəhrəmanlıqlar da əlavə olunanda Azərbaycan qadının istedad, cəsarət və uğurlarda kişilərdən heç də geri qalmadığı aydın görünür.

Müstəqillik illərində də qadınlarımız Azərbaycanın yenidən qurulmasında, dövlətçilik ənənələrimizin yaşadılmasında misilsiz xidmətlər göstərdilər. Qadınlarımız siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən bəyannamələr, proqramlar və təşkilatlara qoşularaq öz töhfələrini vermişlər.  Bu isə dünyada sülhün və əmin-amanlığın qorunmasına xidmət edən mühüm addımdır.

Bütün bunları nəzərə alan və qadınların dövlət işlərində, ictimai-sosial məsələlərdə fəaliyyətini dəstəkləyən Ümummilli Lider Heydər Əliyev  ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoydu. Onların bu işlərinə dərin sayğı və hörmətlə yanaşdı. Nəticədə isə Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi,  ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verdi.  Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ən yaxşı nümunə kimi dünyaya örnəkdir.  Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Bu gün qadınlarımızın ölkə, vətən və cəmiyyət qarşısındakı tarixi missiyası yenə də davam edir. Yenə  də Azərbaycan qadını ordu quruculuğunda, ictimai asayişin qorunmasında, çətin sayılan sahələrdə qürurla xidmət keçir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə  öz nüfuzunu ilbəil artırmağa müvəffəq olan qadınlarımız vətəndaş cəmiyyəti quruculuğu istiqamətində öz nailiyyətləri ilə bizi sevindirir.

Azərbaycan cəmiyyəti də qadınlarımızın bu fədakarlığını, xidmətini lazımınca dəyərləndirir. Bu istiqamətdə ölkə başçımız cənab İlham Əliyev qadınlarımıza yüksək qiymət verir.  Ölkəmizdə aparılan gender siyasətindəki yeniliklər, qadınlar üçün dövlət səviyyəsində yaradılan şərait bu gün bu məsələnin prioritet bir istiqamət olduğunu göstərir. 8 Mart Beynəlxalq Qadınlar Gününün  ölkəmizdə rəsmi bayram  kimi qeyd olunması da qadınlara göstərilən diqqət və qayğının bir təzahürüdür. Hər il bu bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.

Biz də həmişə bizim üçün ən dəyərli varlıq - ana, bacı, həyat yoldaşı, qız övladı olan qadınlarımızla fəxr edir, onların bayramını ürəkdən təbrik edirik!

Rza Xudiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Xalq artisti