11 mart 2025 08:13
127

Yaponiyada həyat xərclərinin artması xidmət sektoruna da mənfi təsir göstərib

Yaponiyada xidmət sahəsində vəziyyət fevral ayında ikinci ay ardıcıl olaraq pisləşib. Bu, həyat xərclərinin artmasının istehlaka təzyiq etdiyinin göstəricisidir.

“İki sahil” xəbər verir ki, bu barədə hökumətin martın 10-da keçirdiyi iqtisadi müşahidəçilər sorğusunda qeyd edilib. Taksi və restoran kimi xidmət sahəsində fəaliyyət göstərən şirkətlərdə indeks fevral ayında 45,6 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 3,0 bənd azdır.

“Reuters” agentliyi bildirir ki, bu, 2022-ci ilin iyul ayından bəri ən aşağı göstəricidir. Həyat xərclərinin artması və bəzi bölgələrdə baş verən güclü qar yağıntıları istehlakçıların əhvalına təsir göstərib. Belə ki, mərkəzi Yaponiyada yerləşən marketlərin işçiləri soyuq hava səbəbindən ziyarətçilərin sayının azalmasından şikayətləniblər.

Sorğunun nəticələrinə görə, Yaponiyanın cənubundakı bir nəqliyyat şirkəti istehlakçıların yanacaq və digər məhsulların qiymətlərinin kəskin artması səbəbindən xərclərini azaltmağa çalışdıqlarını bildirib.

Yaponiyada əsas istehlakçı inflyasiyası yanvar ayında 3,2 faiz təşkil edib ki, bu da son 19 ayın ən yüksək göstəricisidir və Yaponiya Bankının son üç ildə ilk dəfə müəyyən etdiyi 2 faizlik hədəf səviyyəsini üstələyib.

Əmək haqqının sabit olaraq artmasına baxmayaraq, həyat xərclərinin artması ev təsərrüfatlarının xərclərinə də təsir göstərib. Rəsmi statistikaya görə, inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqı yanvar ayında əvvəlki illə müqayisədə 1,8 faiz azalıb.