01 may 2025 00:43
101

Bizim gücümüz birlikdə, həmrəylikdədir

Qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə yeni reallıqlar yaradan, sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanda dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifələrindən biridir. Bu istiqamətdə demək olar ki, bütün potensiallar səfərbər edilib. Xüsusi ilə vurğulamaq lazımdır ki, bu sahədə görülən işlər artıq öz bəhrəsini verməkdədir. Bu gün ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitli­yin, həmrəylik mühitinin və demokra­tik ənənələrin təminatçısı olan siyasi dialoqun davamlılığı və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir.

Ölkəmizdə siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin respublikamıza qarşı genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq nümunəsidir. 

Prezident İlham Əliyev 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində milli və siyasi həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin məqsədi və nəticələri haqqında demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz… Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişafı ölkəmizin başçısının dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələrinin, habelə politoloqların, siyasi şərhçilərin, internet televiziyalarının rəhbərlərinin, qəzet redaktorlarının, jurnalistlərin Laçın Rayonuna səfəri deyilənlərin əyani təsdiqidir. Sayca altıncı olan Laçın səfərində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bildirdiyi kimi, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.

Zahid Rza, “İki sahil”