17 may 2025 12:20
109

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sıraları genişlənir - FOTO

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ofisində Birliyə yeni qəbul olunmuş üzvlərə rəsmi vəsiqələrin təqdimetmə mərasimi keçirilib. Tədbir çərçivəsində növbəti dəfə yeni üzvlərə “İMZA” İctimai Birliyinin üzvlük vəsiqələri təqdim olunub.

“İki sahil” xəbər verir ki, vəsiqələri yeni üzvlərə Birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev təqdim ediblər. Qonaqlar öz çıxışlarında yeni üzvləri təbrik edərək, onları Birliyin fəaliyyətlərində, xüsusilə könüllülük təşəbbüslərində fəal iştirak etməyə dəvət ediblər.

Tədbirdə çıxış edən “İMZA” rəhbərliyi nümayəndələri yeni üzvləri təşkilata qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, “İMZA” İctimai Birliyi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı və beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirilən siyasəti sosial şəbəkələr və müxtəlif ictimai platformalar vasitəsilə geniş təbliğ edir. Bu fəaliyyətə qoşulan hər bir üzv təşkilatın dəyərlərini bölüşməkdən və bu yolda fəaliyyət göstərməkdən qürur duyur.

Yeni üzvlər də çıxış edərək, “İMZA” İctimai Birliyinin fəaliyyəti ilə yaxından tanış olduqlarını, həm sosial şəbəkələrdə, həm də ölkənin ictimai-sosial həyatında görülən işləri yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar qarşıdakı layihə və tədbirlərdə fəal iştirak etməyə hazır olduqlarını qeyd ediblər.

Qeyd edək ki, “İMZA” İctimai Birliyi bu günədək ölkənin ictimai-sosial həyatında və sosial şəbəkələrdə fəal iştirak edərək, bir sıra mühüm layihələr həyata keçirib. Xüsusilə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində mühüm uğurlar əldə olunub. Ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş beynəlxalq konfrans, bu il təşkil olunan “Qərbi Azərbaycana Qayıdışın Tarixi, Mədəni və Hüquqi Əsasları” adlı beynəlxalq tədbir, eləcə də əvvəlki illərdə keçirilmiş Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımına həsr olunmuş toplantılar və digər əhəmiyyətli tədbirlər geniş ictimai rezonans doğurub, yerli və beynəlxalq media tərəfindən işıqlandırılıb.

Hazırda “İMZA” kollektivi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar yeni layihələr üzərində intensiv şəkildə fəaliyyətini davam etdirir.