30 may 2025 11:18
285

Milli Məclisin deputatı Tərtərdə şəhid ailəsini ziyarət edib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  millət vəkili tərtərlilərin tarix yazan Sənan kimi oğulları ilə fəxr etdiyini bildirib.

Anar Məmmədov şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Onu qeyd edək ki, şəhid Məmmədli Sənan 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.