Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 1 nömrəli Körpələr Evinə ziyarət təşkil edilmişdir.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, ƏPT sədri Gülbəniz Əliyeva, 1 nömrəli Körpələr evinin direktoru Dürdanə Budaqova və körpələr evinin kollektivi körpələr evinin sakinlərini bayram münasibəti ilə təbrik edib, ölkədə uşaqlara, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan azyaşlılara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıblar. Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman dövlətimizin diqqətindədir, Burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün də hər cür şərait yaradılmışdır.
Bildiriblər ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı üçün həyata keçirilən layihələrdən də söz açılıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.