10 iyun 2025 16:52
113

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib. Strategiya Azərbaycanda  icbari sığorta sektorunun dayanıqlı, innovativ və şəffaf inkişafını təmin etmək məqsədilə hazırlanıb.

“İki sahil” xəbər verir ki, sənəddə İSB-nin 2025-2027-ci illər üzrə əsas hədəfləri və həyata keçiriləcək tədbirlər əksini tapıb.  İSB-nin missiyası icbari sığorta sektorunun inkişafı üçün sürətli biznes həlləri təmin etmək, bu sahədə hüquqi-normativ bazanın tənzimlənməsinə töhfə vermək, etibarlı, işlək icbari sığorta mühiti yaratmaq və inkişaf etdirmək, icbari sığorta xidmətlərini əlçatan etmək, dayanıqlı və etibarlı qarantiya fondu yaratmaq, bu sahədə ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməkdir.

Hazırda İSB İnformasiya Mərkəzi, Qarantiya Fondu, Sığorta Beyin Mərkəzi, Yaşıl Kart Bürosu və Təbliğat-Təşviqat sahələri üzrə fəaliyyət göstərməklə icbari sığorta sektorunun dayanıqlı inkişafında və effektiv tənzimlənməsində mühüm rol oynayır.

İSB-nin qarantiya fondu kimi maliyyə dayanıqlığının və funksional səmərəliliyinin gücləndirilməsi icbari sığorta sisteminin uzunmüddətli etibarlılığının təmin olunması baxımından əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

Vahid Məlumat Mərkəzinin yaradılması, data və süni intellekt texnologiyalarının strateji qərarvermə prosesinə inteqrasiyası, sığorta sektorunda innovasiya fəaliyyətinin stimullaşdırılması, eləcə də dayanıqlı və təhlükəsiz İT infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçiriləcək işlər  prioritet fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur. 

Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi, Təkmil Metodoloji Mərkəzin yaradılması, effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizminin formalaşdırılması, eləcə də institusional inkişafla bağlı məsələlər də strategiyada  öz əksini tapıb. Bununla yanaşı, korporativ idarəetmə modelinin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində əsas fəaliyyət istiqamətləri müəyyən olunub.

Strategiyada müasir idarəetmə prinsiplərinə uyğun olaraq risklərin effektiv şəkildə idarə olunmasını təmin edən sistemin yaradılması, həmçinin rəqəmsallaşma prosesinin sürətləndirilməsi məqsədilə kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi də əsas hədəflər sırasına daxil edilib.

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası ilə linkdən tanış ola bilərsiniz.