17 iyun 2025 15:27
136

“ADA” Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır - FOTO

“Balakhani Operating Company LTD” (BOC) şirkəti “ADA” Universiteti ilə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edəcək. Bu barədə iki təsisat arasında bağlanılan Anlaşma Memorandumunda deyilir.

“İki sahil” xəbər verir ki, bu gün Universitetin tədris mərkəzində rektor Hafiz Paşayev və BOC prezidenti Rövşən Rzayev tərəfindən imzalanan sənədə əsasən hasilat şirkəti ADA Universiteti və ADA Fondu tərəfindən irəli sürülən elmi-tədqiqat  layihələrinə, tələbələrin peşə təcrübəsinin artırılmasına dəstək verəcək.

Görüşdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, tarixən neft sahəsində çalışan mühəndislər, geoloqlar cəmiyyətimizin dəyərli ziyalıları arasında yer alıblar. Azərbaycan iqtisadiyyatında vacib yer tutan neft sənayesi bu günə qədər ağır zəhmət tələb edən şərəfli sahədir. Müasir dövrdə hasilat sənayesində texnoloji elmi-tədqiqatların yeri günü-gündən genişlənməkdədir. Azərbaycanda neft hasilatı ənənələrininin və təcrübənin müasir idarəetmə və tədqiqatlarla birləşməsi gözəl nəticələr verməkdədir.

BOC prezidenti Rövşən Rzayev isə bildirib ki, hasilat şirkətinin fəaliyyət göstərdiyi Abşeronun ən iri yatağı -Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı iki yüz ilə yaxın istismar olunsa da, torpağın qorunması, təbii resursların dayanıqlığı və ekoloji mühafizə istiqamətində həyata keçirilən işlər, xüsusilə, Sovet dövründə aşağı səviyyədə idi. Son illər “Balakhani Operating Company LTD” tərəfindən lay suların utilizə edilərək torpaq qatlarına qaytarılması, tullantılara məruz qalan ərazilərin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsi, çox sayda yaşıllıq zolaqlarının salınması hasilata  müsbət təsir göstərməklə yanaşı ölkəmizin təbii ehtiyatlarının dayanıqlığının təmin edilməsinə də töhfə verir.

Görüşün sonunda BOC adından “ADA” Universitetinə kətan üzərində neftlə işlənmiş “Xudafərin” rəsm əsəri təqdim edilib. ADA isə qonaqlarına görkəmli alim və ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru Musa Əliyevin memuarlarını əhatə edən “Ömrüm” nəşrini hədiyyə edib.