İyunun 26-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.
Açılış tədbirində əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, arbitrajın inkişafı yalnız hüquqi baxımdan deyil, həm də iqtisadi və sosial müstəvidə mühüm əhəmiyyət daşıyır. Gənclərin iştirakı ilə keçirilən simulyasiya məhz bu prinsiplərin öyrədilməsi və tətbiqi baxımından çox dəyərlidir.
Qeyd olunub ki, ötən il COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qətiyyətli mövqeyi və məsuliyyətli dövlət imici bir daha təsdiq olundu.
Səlahiyyətli nümayəndənin müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ətraf mühitin mühafizəsi və alternativ enerji mənbələrinin inkişafı məsələlərinin əsas hədəflərdən olduğunu diqqətə çatdırıb, Günəş enerjisi layihələri, meşə fondunun artırılması, su ehtiyatlarının bərpası təşəbbüslərini bu istiqamətdə atılan əhəmiyyətli addımlar kimi qiymətləndirib.
Samir Seyidəhmədli gələcəyin hüquqşünasları olan tələbələrə müraciətində hüquqi biliklə ekoloji və sosial məsuliyyəti birləşdirə bilməyin, təkcə mütəxəssis deyil, həm də vicdanlı və məsuliyyətli vətəndaş kimi yetişməyin onların üzərinə düşən mühüm vəzifə olduğunu qeyd edib.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov qeyd edib ki, 30 illik dövrdə Azərbaycanın təbii sərvətləri də işğal altında saxlanılıb, qeyri-qanuni istismar olunub. Bu, həm də xalqımızın öz təbii sərvətləri üzərində suveren hüququnun pozulması idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəyə imza atması tarixi ədaləti bərpa etməklə, həm də işğal altında olan torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpasını təmin etdi. Bu proseslər, habelə ölkəmizdə mübahisələrin məhkəmədən kənar həlli
yollarının inkişafı ilə bağlı aparılan islahatlar arbitraj institutunun inkişafını labüd edib. Bu inkişafın təmin olunması üçün isə ixtisaslı və peşəkar kadrlara ehtiyac var.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağında hüquq sahəsində kadrların yetişdirilməsi məsələlərindən danışıb. Qeyd edib ki, hüquqşünaslıq sahəsində ixtisaslar əmək bazarına uyğun müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov qeyd edib ki, Naxçıvanda təşkil olunan bu təşəbbüs, sadəcə bir simulyasiya tədbiri deyil, həmçinin hüquqi innovasiyaların, gənclərin inkişafına verilən önəmin və ədliyyə sisteminin gələcəyə yönəlmiş baxışının göstəricisidir.
Sonuda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən layihə iyunun 29-da başa çatacaq.