27 oktyabr 2025 18:04
99

Yamaykaya 4-cü kateqoriyalı qasırğa yaxınlaşır

“Melissa” qasırğası 4-cü kateqoriyaya keçib və Yamayka ilə Kuba istiqamətində hərəkət edir. Təbii fəlakətin regionda fəlakətli daşqınlara, torpaq sürüşmələrinə və güclü fırtınalara səbəb olacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü ABŞ Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi (NHC) məlumat yayıb.

“Melissa” qasırğasının maksimal sabit külək sürəti saatda 220 kilometrə çatır. Qasırğanın Yamaykaya yaxınlaşdıqca daha da güclənəcəyi, bazar ertəsi axşamı və ya çərşənbə axşamı səhəri adaya çatacağı ehtimal olunur. “Reuters”in yazdığına görə, qasırğanın çərşənbə axşamı axşam saatlarında Kubanın cənub-şərq sahillərinə də zərbə vuracağı gözlənilir.

Yamaykada hakimiyyət orqanları əhalini təxliyə olunmağa çağırıb, ölkə üzrə təxminən 900 sığınacaq hazır vəziyyətə gətirilib. Bazar günü axşam Baş nazir Endryu Holness Kinqstonda yerləşən Port-Royal və daha altı rayon üçün məcburi təxliyə göstərişi verib.

“Bu yaşayış məntəqələrinin bir çoxu bu daşqından salamat çıxmayacaq”, – deyə həmin gün keçirilən mətbuat konfransında yerli özünüidarəetmə naziri Desmond Makkenzi bildirib.