Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) növbəti sammiti işə başlayıb.
“İki sahil” xəbər verir ki, “Dayanıqlı gələcəyin qurulması" mövzusunda keçirilən zirvə toplantısının bölmə iclasında çıxış edən Cənubi Koreya Prezidenti Li Cemyön ölkəsinin APEC üzvləri arasında çoxtərəfli əməkdaşlığın inkişafında aparıcı rol oynayacağını söyləyib. O, təchizat zənciri əməkdaşlığının vacibliyini vurğulayıb.
Cənubi Koreya tərəflər arasında süni intellekt (AI) sahəsində əməkdaşlığın genişlənməsinə toxunaraq, ölkəsinin zirvə toplantısı çərçivəsində AI təşəbbüsünü irəli sürəcəyini deyib.
ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak etmək üçün Kyoncuya gəlib. Çin lideri Si Cinpin isə oktyabrın 30-da Cənubi Koreyaya səfər edəcək.
Qeyd edək ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam və Peru daxildir. APEC-in üzvü olan tərəflər qlobal ümumi daxili məhsulun 60 faizini təmin edir.