Bakı Sağlamlıq Mərkəzi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, 10 dekabr 2025-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən video-çarx izlənilib.
Tədbiri giriş sözü ilə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru dos. dr. Asiman Həsənov açaraq bildirib ki, Heydər Əliyev Azərbaycan üçün Azərbaycanın sosial-siyasi, iqtisadi həyatı üçün etdikləri göz qabağındadır. A. Həsənov dahi şəxsiyyətin hakimiyyətdə olduğu hər iki dövrdə gənc kadrların həm ölkə daxilində, həm ölkə xaricində yetişdirilməsində əvəzsiz rol oynadığını qeyd edib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək, Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adının zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer aldığını söyləyib. Elçin Quliyev söyləyib ki, Ulu Öndər bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə yüksəlib. Həmçinin, E. Quliyev Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük möhtəşəm şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması, həmçinin, güclü ordumuzun daha bir antiterror əməliyyatı keçirərək cəmi 24 saat ərzində torpaqlarımızda həyata keçirilən separatizmi məhv etməklə əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasının dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin cərrahı professor Məhəmməd Kərimov çıxış edərək Heydər Əliyev dühasının Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə respublikanın tərəqqisi yolunda yorulub-usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etməsindən bəhs edib və möhtəşəm qələbəyə səbəb olan inkişafın məhz Heydər Əliyevin və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə partiya vəsiqələri təqdim olunub.
Sonda xatirə şəxli çəkilib.