18 may 2026 17:29
101

Zəngilana yeni köç etmiş sakinlərin də məşğulluğunun təminatı ilə bağlı işlər aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Zəngilana yeni köç etmiş sakinlərin də məşğulluğunun təminatı ilə bağlı işlər aparır. “İki sahil” xəbər verir ki, bu məqsədlə hazırda Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının əməkdaşları tərəfindən qeyd edilən vətəndaşlarla səyyar görüşlər keçirilir. Onların məşğulluq imkanları qiymətləndirilir, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılır. Həmçinin, vətəndaşlara Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilir.

Görüşlərin nəticəsi olaraq sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılır.