23 noyabr 2016 16:42
343

Masallının daha bir kəndinə təbii qaz verilib

Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilmişdir.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.Bildirilmişdir ki, 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9090 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Həmçinin vurğulanmışdır ki, hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcəkdir. 

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri Məmmədoba kəndinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.