“Azərikimya” İstehsalat Birliyində Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənaye mərkəzi kimi yenidən qurulması, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında, eləcə də Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da qonaqlara məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskas ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd etmiş, bu əməkdaşlıqların Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirmişdir.
“Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonaqlara Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilmiş, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir. Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak etmişdir.