25 noyabr 2016 21:07
314

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “Azərikimya” İB-də olublar

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün Bakıda keçirilən “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunda 3 günlük beynəlxalq seminarda iştirak etmiş bir qrup nümayəndə heyəti “Azərikimya” İstehsalat Birliyində olmuşdur.Qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavodunun ərazisini gəzmiş, müəssisənin qurğuları ilə tanış olmuş, kimyaçılarla iş başında görüşüb söhbət etmişlər. Qonaqlara məlumat verilmişdir ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin, bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, əməkçilərin həyatı üçün təhlükə doğura biləcək risklərin aradan qaldırılması “Azərikimya”-da prioritet məsələlərdəndir və bu istiqamətdə mühüm addımlar atılmışdır. Zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilmiş, “Etilen-polietilen” zavodunda hərtərəfli yenidənqurma və modernizasiya işlərinə start verilmişdir. Qeyd edilmişdir ki, Birlik müəssisələrində əməyin mühafizəsi istiqamətində görülən işlər “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun təşkil edilmişdir. Qonaqlara həmçinin 2019-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan yeni layihələr haqqında da ətraflı məlumat verilmişdir. Nümayəndə heyətinin üzvləri müəssisənin ərazisinin təmizliyinə, yaşıllıq zolaqlarının həcmindən məmnunluqlarını ifadə etmiş, belə bir şəraitin əksər MDB olkələrinin müəssisələrində olmadığını etiraf etmişlər.