Noyabrın 25-də yüksək təhsil şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən təhsil ocaqlarından biri olan Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İkinci Bilik Sərgisi” təşkil olundu. Kompleksin 7-10-cu sinif şagirdlərinin iştirakı ilə 35-dən çox müxtəlif mövzuda hazırlanan layihələrə Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti, AMEA Botanika İnstitutu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və “Alma store” şirkətləri də öz stendləri ilə dəstək oldular. Bu sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə etdilər.
Məktəbin direktoru Sigve Austheim salamlama nitqi ilə tədbirdə iştirak edən şagirdlərə uğurlar arzuladı.
Açılış mərasiminə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM) İdarə Heyətinin sədri Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik etdi, belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışdı: “Bu gün keçirilən bilik sərgisi Bakı İstedadlar Təhsil Kompleksinin gördüyü ən yaxşı işlərdən biridir. Burada Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Ali Neft Məktəbinin nümayəndələri iştirak edir. Düşünürəm ki, ən yaxşılar qalib olacaq.”
Sonra SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və tədbirdə iştirak edən qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış oldular.
Münsiflər heyəti tərəfindən seçilən şagirdlər günün sonunda konsert proqramı ilə yekunlaşan mükafatlandırma tədbirində sertifikat, medal və hədiyyələrlə mükafatlandırıldılar.
Qeyd edək ki, Qlobal İstiləşmə İqlim dəyişikliklərinə həsr olunan bu bilik sərgisində ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq layihə olimpiadalarinda təmsil edəcəklər.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto),
“İki sahil”