11 yanvar 2026 20:31
142

Fermerlər Brüsselin əsas meydanına kartof töküblər

Belçika fermerləri MERCOSUR bloku ilə ticarət sazişinə qarşı etiraz aksiyası keçirərək Brüsselin mərkəzi və tarixi meydanı olan "Grand Place"ə bir qalaq kartof töküblər.

“İki sahil” xəbər verir ki, "Report"un Avropa bürosunun məlumatına görə, polis tərəfindən vəziyyətə müdaxilə olunmayıb, sadəcə ictimai asayişin qorunmasına nəzarət edilib.

Kartofun üzərinə "Ədalətsiz rəqabət" və "Avropa həmrəyliyi?" şüarları yazılmış karton plakatlar qoyulub.

Etirazçılardan biri bildirib ki, Cənubi Amerika bloku ilə bağlanacaq saziş ədalətsizdir, çünki Avropa fermerləri sərt tənzimləmə və standartlara tabe olmaq məcburiyyətindədirlər. Halbuki MERCOSUR kənd təsərrüfatı istehsalçıları belə problemlərlə üzləşmirlər, bu da rəqabəti avropalılar üçün qeyri-bərabər, onlar üçün isə əlverişli edəcək.

Aksiya başa çatdıqdan sonra meydana kiçik ekskavator gətirilib və kartofların yığışdırılmasına başlanılıb. Yerli sakinlər də prosesə qoşularaq yaxşı kartofları torba və paketlərinə yığıblar.

Fermerlərin yerli kənd təsərrüfatı üçün potensial təhlükə hesab etdiyi MERCOSUR sazişinin bağlanmasına qarşı etirazlar cümə və şənbə günləri bütün Avropada keçirilib. Belçikada Valloniya fermerləri Brüsseldən cənubda və bütün Valloniya boyu əsas magistral yolları bağlayaraq blokadalar təşkil ediblər. Cümə axşamı etirazçılar nəqliyyatın hərəkətini pozmaqla hakimiyyətin diqqətini cəlb etmək üçün Brüssel ətrafındakı dairəvi yolu bağlamağa çalışıblar. Fransada fermerlər Belçika ilə sərhəd keçid məntəqələrində əsas yolları bağlayıblar. Paytaxtda da etirazlar olub, aqrar istehsalçılar küçələrdə traktorlarla yürüş edib, Paris dairəvi yolunda isə traktor və digər kənd təsərrüfatı texnikasının yavaş hərəkət edən karvanı İl-de-Frans regionunda ciddi tıxaclara səbəb olub. Ölkə mediasının verdiyi məlumata görə, Yunanıstanda fermerlər istehsal xərclərinin artması, subsidiyaların ödənilməsində gecikmələr və digər problemlərlə bağlı hökumətdən tədbir görməyi tələb edərək əsas nəqliyyat magistrallarını blokadaya almağa davam ediblər.

Aİ ölkələrinin MERCOSUR ilə sazişin imzalanması barədə qərarı səs çoxluğu ilə təsdiqlənib, lakin Fransa, Polşa, Avstriya, İrlandiya və Macarıstan öz narazılıqlarını bildirib, Belçika isə bitərəf qalıb.

Müqavilənin sabah - yanvarın 12-də Paraqvayda imzalanması gözlənilir.