12 yanvar 2026 18:42
109

YAP-ın ilk rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Yanvar ayının 12-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının təsis olunmasının 33-cü ildönümünə ilə əlaqədar konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, partiyanın rayon təşkilatının bir qrup veteran üzvləri, partiya üzvü olan şəhid valideyinləri, qazi və veteranlar, rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra partiyanın 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü münasibətilə bütün partiya üzvlərini və fəallarını ürəkdən təbrik edib, onlara günü–gündən qüdrətlənən doğma Azərbaycanımızın inkişafı naminə məsuliyyətli, eləcə də şərəfli fəaliyyətlərində uğurlar arzulayaraq təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi. O, Azərbaycan dövlətçiliyinin çətin dövründə, siyasi və iqtisadi sabitliyinin pozulduğu, müstəqilliyimizin təhlükə altına düşdüyü bir vaxtda xalq öz nicat yolunu Heydər Əliyev dühasında gördüyünü qeyd edərək, 91 görkəmli ziyalının tarixi müraciətindən sonra Ulu Öndər “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə xalqı ətrafında birləşdirərək Yeni Azərbaycan Partiyasının əsasını qoyduğunu bildirdi. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq, ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatının  Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi. Bu gün də partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağrışlarına sədaqət nümayiş etdirdiylərini qeyd etdi.

Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edərək müasir, dayanıqlı və güclü Azərbaycan dövlətinin formalaşmasında partiyanın fəaliyyətinin əvəzsiz olduğunu qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Daha sonra Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışına tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun salam və təbriklərini çatdıraraq başladı. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs etdi. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. A.Hüseynov 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində ictimai-siyasi sabitlik bərpa olunduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını vurğuladı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrildiyi bildirdi. A.Hüseynov çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırdı.

Tədbirdə YAP rayon təşkilatının təsisçilərindən, partiya veteranı, YAP Rayon təşkilatının ilk sədri olmuş Valeh Sefiyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 33 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilərək iştirakçılarla xatirə şəkli çəkilib.