Almaniya Ukraynanın silah alışlarını Avropa İttifaqının ayırdığı 90 milyard avroluq kredit hesabına maliyyələşdirməsi məsələsində Fransa ilə fikir ayrılığı yaşayır.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Almaniya və Niderland Fransanın mövqeyi ilə razı deyil və Kiyevin bu kredit vəsaiti hesabına ABŞ istehsalı olan silahları alıb-almaması məsələsində fərqli mövqe tuturlar. "Politico"nun yazdığına görə, bu məsələ Aİ daxilində ciddi müzakirələrə səbəb olub.
Daha əvvəl Fransanın "Le Figaro" qəzeti Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin Fransa vətəndaşları üçün ciddi maliyyə yükü yaradacağını bildirmişdi. Nəşr bu qərarın ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulamışdı.
Alman politoloq Aleksandr Rar da məsələ ilə bağlı fikirlərini bölüşərək, Ukraynaya veriləcək bu iri həcmli kreditin Avropa İttifaqını daha da zəiflədə biləcəyini bildirib. Onun sözlərinə görə, Aİ daxilində artan iqtisadi və siyasi gərginlik belə təşəbbüslərlə daha da dərinləşə bilər.