ABŞ Prezidenti Donald Tramp İranın son şahının böyük oğlu Rza Pəhləvinin ölkə daxilində dəstək qazanıb-qazanmayacağına birmənalı qiymət verə bilməyib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Reuters" agentliyinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, R.Pəhləvi "xoş adam kimi görünür", lakin "öz ölkəsində necə rol oynaya biləcəyi" tam aydın deyil.
"Biz hələ o mərhələyə çatmamışıq - bir çox variantları nəzərdən keçiririk. Danışmaq üçün çox tezdir. Bilmirəm, ölkəsi onun liderliyi qəbul edəcək ya yox. Əgər bunu etsələr, bu məni tamamilə qane edəcək", - D.Tramp bildirib.
ABŞ lideri daha da irəli gedərək, ötən həftə onunla görüşmək niyyətində olmadığını bəyan etdikdən sonra Pəhləvinin İrana rəhbərlik etmək qabiliyyətini şübhə altına alıb. Tramp, həmçinin qeyd edib ki, etirazlar nəticəsində Tehranda hökumət devrilə bilər: "Lakin bunun baş verib-verməyəcəyindən asılı olmayaraq, bu, maraqlı bir dövr olacaq".
Daha əvvəl bildirilirdi ki, ötən həftə sonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə görüşüb.