15 yanvar 2026 23:37
107

Vətən sevgisinin ən ali məqamı

44 günlük haqq savaşımızın zəfər şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin  mayoru Kamran Fərəcov  məqamında Vətəni, xalqı üçün yaşamağı bacardı. Astara elinin qəhrəman oğlu 43 yaşında elə bir şərəfli  ömür  yolu keçdi ki, odu-alovu ilahi bir məhəbbətə dönüb insanların  ürəyində özünə əbədi yer etdi. 30 il  qana susayan yağını qanda boğmaqla ruhu  ünyetməz göylərə qovuşan Vətən sevdalısının   həyatı millətinə  şərəfdir, qeyrətdir.

Müqəddəs amallar uğrunda şəhid olub, adını qanı bahasına qəhrəmanlıq tariximizin səhifələrinə yazan Kamran  indi cismən aramızda olmasa da, heç vaxt unudulmur, həmişə  hörmətlə, böyük  ehtiramla anılır, adı qürurla, iftixarla çəkilir. Necə deyərlər, harada bir Günəş saflığı  var, onun sorağı oradan gəlir.

Ruhu uca  göylərdə dolaşa-dolaşa şəhid mayorumuz  ömrünün 48-ci ilinə  çatdı. Bu münasibətlə ölümsüz qəhrəmanın  məzunu olduğu  Astara şəhər Z. Bünyatov  adına 2 saylı  orta məktəbində  əziz xatirəsinə həsr olunmuş  anım tədbiri keçirildi.

Baxışlardan məğrurluq, həm də iftixar oxunan tədbirdə sevdalanıb baş qoyduğu müqəddəs torpaq ziyarət olundu, məzarına  təzə güllərdən çələng hörüldü.

Məktəbin genış zalında  davam edən mərasimdə  Vətən oğlunun  doğma Azərbaycana göstərdiyi misilsiz xidmətlərdən  qürurla danışan  Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov  xüsusi olaraq vurğuladı ki, əbədiyyət ulduzuna dönən  şəhidimiz  ürəyinin istəyi ilə canını Vətəninə fəda etdi, xalqın kimliyini, mənliyini bir daha bütün dünyaya göstərmək üçün müharibə meydanında qan tökdü. Belə əqidəyə malik insanlar heç vaxt ölmürlər.  Həmçinin bu cür tədbirlərin təşkili  gənc nəslin  qəlbində Vətənə sevgi  yaradır, şəhid ailələrinə olan hörmət və ehtiramın  təcəssümünə  çevrilir.

Vətənin  azadlığı, bizim xoşbəxtliyimiz naminə son nəfəsinə qədər döyüşən  şəhidlərimiz xalqımızın  yaddaşında əbədi yaşayar, onların müqəddəs  xatirəsi hər zaman məhəbbətlə  və dərin minnətdarlıqla yad olunar.

Mərasim iştirakçıları arasında olan şəhidin döyüş yoldaşları çıxışlarında onu  məsuliyyətli, qorxmaz,  həmişə şəxsi heyətinə dayaq duran, müharibə meydanında  özünə məxsus keyfiyyətləri ilə  əsgərlərə  qanad  verən, Vətənin azadlığı üçün  ölümdən qorxmadan irəliyə doğru addımlayan igid bir komandir kimi xatırladılar.

Şəhidimizin həyat yoldaşı Nuranə xanım  Fərəcova haqqında da səmimi, ürək açan sözlər deyildi.  Bildirildi ki, Azərbaycan qadınına  məxsus bütün nəcib keyfiyyətlər onun xarakterində cəmləşib.  O, gücü, qeyrəti hesabına  çətin günlərdə öz ayaqları üzərində dayanmağı bacarıb.  Hazırda Astara Pedaqoji Kollecində Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsində çalışmaqla  xalqına ləyaqətlə xidmət edir. Şəhidin bizə yadigar  saxladığı əkiz qızlarıni- Şəms və Dənizi  onun uca adın layiq böyüdür.

Digər çıxışlarda isə mayor Fərəcovun şəxsiyyət kimi boya-başa çatmasında , vətənpərvər ruhda böyüməsində əməyi olan və onun xatirəsini yaşadan  2 saylı  tam orta ümumtəhsil məktəbinin kollektivinə təşəkkür edildi,   müəllimlərin verdiyi bilik, aşıladığı milli-mənəvi dəyərlər və Vətənə sevgi şəhidin gələcək həyat yolunda mühüm rol oynadığı deyildi.

Məlumat üçün bildirək  ki, şəhidimiz Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb, ali hərbi təhsillə silahlanaraq peşəkar zabit kimi Ağdamda, Gəncədə, Goranboyda- cəbhə bölgəsində  Vətənin keşiyində durub. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.  44 günlük haqq savaşımızda  Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə ön cərgədə döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra III dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlının, Cəbrayılın azadlığı  uğrunda medallara  layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü