15 yanvar 2026 16:43
97

"Maersk" bir ildən sonra Qırmızı dənizdən tranziti bərpa edir

Dünyanın ən böyük dəniz konteyner daşıma şirkəti olan Danimarkaya məxsus Maersk gəmilərinin Qırmızı dəniz marşrutu üzrə hərəkətini bərpa etdiyini elan edib. Şirkət 2024-cü ilin yanvarında husilərin hücumlarından sonra Ədən körfəzi və Süveyş kanalı vasitəsilə reysləri dayandırmışdı.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Maersk-in bildirdiyinə görə, son aylarda regionda dəniz daşımalarının təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şirkət dekabr ayında Qırmızı dənizdən bir illik fasilədən sonra ilk sınaq reysini, yanvarın əvvəlində isə daha bir reysi həyata keçirib. 26 yanvar tarixindən etibarən operator Ədən körfəzi və Qırmızı dəniz vasitəsilə müntəzəm tranziti yenidən başlayacaq.

Bununla yanaşı, Maersk regiondakı vəziyyəti daimi olaraq izləməyə davam edəcəyini və təhlükəsizliklə bağlı risklər yarandığı təqdirdə bu marşrut üzrə daşımaları yenidən dayandıra biləcəyini vurğulayıb.

Qeyd olunur ki, Maersk və digər dəniz yükdaşıma operatorları Qırmızı dəniz üzərindən ticarət gəmiçiliyinin bağlanmasından maliyyə baxımından xeyli fayda əldə etmişdilər. Yüklər Afrikanın cənubundan dolanaraq daşındığı üçün çatdırılma müddəti uzanmış, bu isə konteyner daşımaları üzrə tariflərin artmasına səbəb olmuşdu.

Lakin Maersk Süveyş kanalı vasitəsilə daşımaların bərpasını elan etdikdən sonra şirkətin səhmlərinin qiyməti 7,5% ucuzlaşıb. Bu, son iki ay ərzində Maersk səhmləri üçün ən kəskin qiymət enişi olub.