Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs rejiminə nəzarət məqsədilə xüsusi monitorinq planı hazırlayıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən İqnatsio Kassis məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında atəşkəs razılaşması əldə olunacağı təqdirdə, ATƏT bir neçə saat ərzində müşahidə missiyasına başlaya bilər. Kassis bu açıqlamanı Vyanada keçirilən mətbuat konfransında verib.
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə təşkilatımızı tarixindəki ən ciddi böhranla üz-üzə qoyub”, – deyə ATƏT sədri bildirib. O əlavə edib ki, şərait imkan verən kimi təşkilat Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.
Qeyd olunur ki, ATƏT-in mümkün sülhməramlı və ya monitorinq missiyasının göndərilməsi üçün təşkilata üzv olan bütün 57 ölkənin, o cümlədən Ukrayna və Rusiyanın razılığı tələb olunur.