Ukrayna rəhbəri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın münaqişənin uzadılmasında Kiyevin roluna dair tənqidlərini açıq şəkildə rədd edərək, döyüş əməliyyatlarının davam etməsinə görə məsuliyyəti Moskvanın üzərinə qoyub.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Zelenski bəyan edib ki, Kiyev diplomatik həll yolunda heç bir maneə yaratmır və yaratmayıb. Onun sözlərinə görə, Ukrayna sülh danışıqlarına açıqdır və bu istiqamətdə öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.
«Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq», — deyə Zelenski Trampın ittihamlarına cavab olaraq vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, danışıqlarda real irəliləyişin olmamasının əsas səbəbi Rusiyanın mövqeyidir. Zelenski hesab edir ki, razılaşmaların əldə edilməsində maraqlı olmayan tərəf məhz Moskvadır.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, sülh sazişinin bağlanmasına mane olan tərəf Rusiya prezidenti Vladimir Putin deyil, məhz Vladimir Zelenskidir.