OPEC-in Vyanada neft hasilatını azaltmaq istiqamətində anlaşma əldə edə bilməsi şübhə altında olduğundan birjalarda neftin 1 barrelinin qiyməti təxminən 46 dollar səviyyəsində müşahidə olunur. Qurum 30 noyabrda baş tutacaq sammitdə sərfəli nəticə əldə etmək üçün sammitöncəsi bir neçə görüş keçirməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı ilk dəfə bazar günü OPEC-in neft hasilatını azaltmaq məcburiyyətində olmadığını vurğulayıb. Bundan sonra Rusiya da daxil olmaqla OPEC-ə üzv olmayan bir sıra dövlətlər Vyanada baş tutması planlaşdırılan sammitdə iştirak etməkdən imtina ediblər. OPEC üzvləri aralarındakı anlaşılmazlıqlarda və hasilat payının bölüşdürülməsi məsələlərində razılığa gəlmək üçün Avstriyanın paytaxtı Vyanada toplanacaqlar. Səudiyyə Ərəbistanının noyabrın 28-də Vyanada OPEC üzvlərinin iştirakı ilə baş tutan ilkin görüşdən imtina etməsi qurumun noyabrın 30-da baş tutacaq sammiti şübhə altına alır.
SKS (Seul Kiwoon Securities) fond birjasının nümayəndəsi Seo Sang-Young bildirib ki, Səudiyyə Ərəbistanının noyabrın 28-dəki görüşdən imtina etməsi xəbərlərinin təsiri ilə birjalar ciddi təsir altına düşüb: “OPEC neft hasilatının azaldılması ilə bağlı razılıq əldə etsə belə, sözünü tutacağı inandırıcı görünmür. Çünki OPEC üzvləri hasilat payını dayanmadan artırmaqdadırlar.”
Səudiyyə Ərəbistanının OPEC-in sammitindən imtina etməsi digər körfəz ölkələrinin də bu məsələyə münasibətini dəyişə bilər. İraq Parlamentinin üzvlərinin OPEC-ə rəsmi şəkildə müraciət edərək Vyana görüşündəki anlaşmanın İraqa aid edilməməsini xahiş etməsi məsələni bir az da gərginləşdirib. Bütün bunlar OPEC-in Vyanada baş tutacaq görüşündən əldə olunacaq nəticələri şübhə altına alır.
Həmidağa Məcidov, “İki sahil”