29 noyabr 2016 14:46
222

Azərbaycan dünyada gedən proseslərə müsbət töhfəsini verir

Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada  tolerantlıq məkanı,  multikulturalizm mərkəzi, eyni zamanda əməkdaşlıq körpüsünə hər sahədə töhfələri ilə diqqət çəkən dövlət  kimi  tanıdır.

Ölkə Prezidenti İlham Əliyev  çıxışlarında bu məqamı xüsusi vurğulayır: “Hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.”

Cənab İlham Əliyev Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində də bu və ya digər məsələlərə diqqət yönəldərək, bu günümüzün əsas çağırışını bir daha bəyan etmişdir: “...Əlaqə, multikulturalizm, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət. Budur, bizim təşviq etmək istədiklərimiz. Təbii ki, güclü media dəstəyi olmasa, biz bu sahədə uğur əldə edə bilmərik... Bir dövlət başçısı və siyasətçi kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir.” 

Qlobal problemlərlə yüklənən müasir dövrümüzdə xalqlar arasında əməkdaşlığın  möhkəmlənməsini dünyada sülhün, əmin-amanlığın təminatı üçün başlıca vasitə kimi dəyərləndirən  Prezident İlham Əliyev bildirir ki, multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin,  vətəndaşın  fəaliyyətinin tərkib hissəsi olmalıdır: “Biz bir çox hallarda  media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir.  Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq  fürsəti verilmiş olur. Bəzən mediada  gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir... Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı-burada eyni hadisə fərqli şəkildə  təqdim edilir.”

O da bildirilir ki, belə  yanaşmalara baxmayaraq dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması dövrün  tələbidir.   Sivilizasiya bu istiqamətdə inkişaf edir, ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə birgəyaşayış qaydalarının əsas prinsipləri üzrə formalaşır.

Bir vacib amil də hər zaman önə çəkilir ki,  əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda daxili işə müdaxilələr,  dünyada müharibələr də az olar. Dövlətimizin başçısı İlham Əliyev dünyada baş verən hadisələrin fərqli şəkildə təqdim olunmasında bu məqamı da vurğulayır: “Yəni biz burada  siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.”

Bu gün işğalçı Ermənistanın timsalında həm işğalçılıq siyasətinin yaratdığı problemləri, eyni zamanda dünya dövlətlərinin ikili yanaşmalarının arxasında gizlənən maraqları daha aydın görə bilərik.  Siyasətində müstəqil olmayan Ermənistanın işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qaldığı, iqtisadi böhran içərisində çapaladığı göz önündədir. Maraqlarının həyata keçirilməsində işğalçı dövlətdən bir vasitə kimi bəhrələnən dövlətlər münaqişənin həlli prosesinin uzanmasına cəhdlər edir, bəyanatlardan konkret əməli işə keçmək barədə düşünmürlər. Bu reallıq beynəlxalq təşkilatların tribunalarından da bəyan edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həll prosesinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələnin  həllinə öz maraqlarından yanaşır.  İşğalçının bu günə qədər adı ilə çağırılmaması dünyanın ikili siyasətinin əsas göstəricilərindəndir.  Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayona erməni işğalçı qüvvələri nəzarət edir,  narkotik  bitkilər yetişdirirlər.  Eyni zamanda  Azərbaycan xalqına qarşı etnik təmizləmə aparılmış, ekoloji və mənəvi terror  törədilmişdir. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından digərgin düşüb. Bu kimi halların aradan qaldırılması üçün  multikulturalizm konsepsiyasına yeni yanaşma və onun müasir cəmiyyətdə getdikcə daha  böyük əhəmiyyət daşıması təbiidir. 

BMT-nin İKT əsri adlandırdığı müasir dövrümüzdə  siyasətçilər kimi cəmiyyətin bütün üzvlərinin məsuliyyəti artmalı, dini və irqi qarşıdurmalara gətirib çıxaran  amillər təhlil olunub,  araşdırılmalı, təhsil, mədəniyyət,  idman, bütünlükdə sosial sferada tətbiq olunan yeniliklər bir məqsədə -xalqlar arasında birlik və əməkdaşlığın möhkəmlənməsinə  yönəldilməlidir. Hər sahədə təcrübəsi nümunə olan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dövlətlər, xalqlar arasında dostluq körpüsünü günbəgün möhkəmləndirən Azərbaycanın məqsədi bölgədə regional əməkdaşlığı inkişaf etdirmək, millətlərarası münasibətləri daha da yaxşılaşdırmaq, dinlərarası dialoqu gücləndirməkdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşmışlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır.

Ümumiləşdirmə aparsaq, insanları yaxınlaşdıran, xalqları  sülh, sabitlik,  mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalarla  mübarizədə  istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev  qeyd etdiyimiz  tədbirdə bildirmişdir: “Biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir... Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Bunlar müsbət meyillərdir. Bu baxımdan bizim rolumuz əsasən ənənələrimiz və ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun.”

Ölkə Prezidenti   reallıqların təbliğində, hər bir hadisənin mahiyyətinin düzgün açıqlanmasında  medianın artan rolunu və məsuliyyətini xüsusi qeyd edərək, hər bir ölkənin doğru, dolğun, əsaslı  məlumatlara ehtiyacı olduğunu bildirir.

Yeganə Əliyeva, “İki sahil”