Yanvarın 9-da Rusiya ordusunun Kiyevin vacib infrastrukturuna hava hücumundan sonra istiliyi olmayan 6000 evin demək olar ki, hamısı istilik şəbəkəsinə qoşulub.
“İki sahil” xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Kliçko bu səhər istilik şirkətinin mərkəzlərindən birinə baş çəkib.
“Kommunal xidmət işçiləri gecə-gündüz işləyirlər. Mən onlara göstərdikləri səylərinə görə təşəkkür etdim. Yanvarın 9-da düşmənin Kiyevin vacib infrastrukturuna hücumundan sonra istilik sistemindən məhrum qalan 6000 evdən təxminən 50-si hazırda istilik çatışmazlığı yaşayır”, - deyə Kliçko bildirib.
Kiyev meri qeyd edib ki, şəhər xidmətləri infrastrukturu bərpa etmək üçün gecə-gündüz işləyir.
Qeyd edək ki, yanvarın 9-u və 13-də Rusiyanın paytaxtdakı vacib infrastruktur obyektlərini hədəf aldığı Kiyevə edilən bir neçə hücumdan sonra şəhər elektrik və istilik problemləri ilə üzləşib. Bunu nəzərə alaraq, Kiyev meri Vitali Kliçko “Kyivteploenergo”, “Kyivvodokanal” və Kiyev Xilasetmə Xidməti idarəetmə şirkətlərinin işçilərinə əlavə kompensasiya ödəməyi tapşırıb. Xüsusilə, Kliçko kommunal xidmət işçiləri üçün 50 milyon qrivna mükafat elan edib.