18 yanvar 2026 22:09
117

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik

Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik.

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın Kansleri Fridrix Merts X platformasındakı paylaşımında bildirib.

Gömrük rüsumları ilə bağlı hədələrin təhlükəli eskalasiyaya yol açmaq riski yaratdığını vurğulayan Kansler qeyd edib: “NATO üzvü olaraq Arktika regionunda təhlükəsizliyin gücləndirilməsini ümumi transatlantik maraq kimi qiymətləndirir və bu istiqamətdə qəti öhdəlik daşıyırıq. Gömrük rüsumları ilə bağlı hədələr transatlantik münasibətləri sarsıdır və təhlükəli eskalasiyaya yol açmaq riski yaradır”.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropanın səkkiz ölkəsinə gömrük rüsumu tətbiq etməsinə sərt reaksiya verib. O, “Tagesschau” xəbər xidmətinə açıqlamasında ABŞ-ın bu addımına Avropa tərəfindən cavab verilməsinin vacibliyini qeyd edərək, mümkün əks-tədbirlərin Avropa İttifaqı çərçivəsində müzakirə olunacağını vurğulayıb. “Hesab edirik ki, müttəfiqlər arasında gömrük rüsumları yanlış yanaşmadır”, - deyə nazir bildirib. O, həmçinin Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin hələ Avropa Parlamentində ratifikasiya olunmadığını xatırladıb.

Xatırladaq ki, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, Norveç, İsveç və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı bəyanatına qarşı birgə açıqlama yayaraq sərt etiraz edib. Bəyanatda Qrenlandiyada keçirilən birgə NATO missiyasının heç bir tərəf üçün təhlükə yaratmaığı, bu addımın regional təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Avropa ölkələri Danimarka və Qrenlandiya ilə həmrəylik nümayiş etdirib və suverenliklərini qorumaqda qətiyyətli olduqlarını bəyan edib.

Qeyd edək ki, Bundesverin yanvarın 16-da Qrenlandiyaya göndərilən kəşfiyyat qrupu bu gün adanı tərk edib.