29 noyabr 2016 20:41
303

“Günəşli” yatağı üçün yeni özül quraşdırılacaq

“Günəşli” yatağı üçün yeni 7A saylı dərin dəniz özülünün inşası nəzərdə tutulmuşdur. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir.10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı dərin dəniz özülünə 2 körpü vasitəsi ilə birləşdiriləcəkdir. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yüksək təzyiqli qaz seperasiya və ölçü sistemləri, bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcəkdir. Seperasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 saylı özülün müvafiq texnoloji xətlərinə ötürüləcəkdir. Bundan başqa, neft-qaz, içməli su və kabel xətləri də 7 saylı özüllə əlaqələndiriləcəkdir. Ümumi sahəsi 5980 kvadrat metr olacaq özülün dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə 9350 ton olacaqdır. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcəkdir. Artıq özülün inşası istiqamətində işlərə start verilmiş, “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin ərazisində hazırlanmasına başlanılmışdır. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir. 

Qeyd edək ki, özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.