Böyük Britaniya hökuməti Londonda Çinin yeni, irihəcmli səfirlik kompleksinin tikintisi planlarını müəyyən şərtlərlə təsdiqləyib.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, qərar Londonun mərkəzinə yaxın ərazidə, “Royal Mint Court” sahəsində yerləşən 20 min kvadratmetrlik ərazi ilə bağlı verilib.
Qeyd edək ki, bu qərar iki dəfə təxirə salınmışdı. Tənqidçilər səfirliyin yerləşəcəyi ərazinin Londonun maliyyə mərkəzinə yaxın olmasının milli təhlükəsizlik üçün potensial risklər yaratdığını bildirirdilər.
Məlumata görə, Çin hökuməti “Royal Mint Court” ərazisini 2018-ci ildə 255 milyon funt sterlinqə satın alıb. Layihə reallaşacağı təqdirdə bu kompleks Avropanın ən böyük səfirliyi olacaq. Planların təsdiqi prosesində binanın yerləşdiyi yer, ölçüsü və dizaynı ilə bağlı təhlükəsizlik narahatlıqları xüsusi diqqət mərkəzində olub.
Ərazi maliyyə qurumları arasında rabitəni təmin edən əsas optik lif kabellərinə yaxın yerləşir. Tənqidçilər Çin tərəfinin bu infrastruktura müdaxilə edərək məlumatların dinlənilməsi riski yarada biləcəyini iddia ediblər. Bundan əlavə, ötən il Çin lehinə casusluqda ittiham olunan iki şəxslə bağlı məhkəmə prosesinin dayandırılmasından sonra Pekinin yaratdığı təhlükə ilə bağlı suallar yenidən gündəmə gəlib. Böyük Britaniya hökuməti isə yayımladığı açıqlamada bildirib ki, qərar mənzil və icmalar üzrə dövlət katibi tərəfindən müstəqil şəkildə qəbul edilib. Açıqlamada qeyd olunub ki, proses 2018-ci ildə, o dövrdə xarici işlər naziri tərəfindən diplomatik razılıq verildikdən sonra başlayıb.
Hökumət sözçüsü vurğulayıb ki, paytaxt şəhərlərdə səfirliklərin yaradılması beynəlxalq münasibətlərin normal tərkib hissəsidir və milli təhlükəsizlik əsas prioritet olaraq qalır. Bildirilib ki, proses boyunca kəşfiyyat qurumları cəlb olunub və mümkün risklərin idarə olunması üçün geniş tədbirlər paketi hazırlanıb. Açıqlamaya görə, son aylarda aparılan danışıqlardan sonra Çin hökuməti Londonda hazırda fəaliyyət göstərən yeddi diplomatik obyektini bir mərkəzdə birləşdirməyə razılaşıb ki, bu da hökumətin fikrincə, təhlükəsizlik baxımından daha səmərəli hesab olunur.