21 yanvar 2026 19:00
115

Bütün dünyanın sülhsevər kimi tanıdığı ölkə

Sülh bütün dünyada inkişaf, tərəqqi, rifah, sabitlik və əməkdaşlıq naminə insanları bir araya gətirmək üçün zəruridir. Sülh hər şeydən əvvəl qurub-yaratmağı, sosial və iqtisadi inkişafı təmin edən dəyərdir. Sülh dinclik, əmin-amanlıq, yaradıcılıq və humanizm kimi dəyərləri əhatə edir, həmçinin dini və mənəvi baxımdan müqəddəs sayılır. Təsadüfi deyil ki, 21 sentyabr bütün dünyada Sülh Günü kimi qeyd edilir. Sülh Günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin o vaxtkı Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. 

Azərbaycan daim sülhə sadiqdir. Bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə kimi tanınır. Qırx dörd günlük Vətən müharibəsində tarixi ədalətin bərpasından sonra Azərbaycan sülhyaratma mövqeyi ilə daim diqqət çəkib. Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsi istiqamətində atılan addımlar bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan həm milli maraqlara sadiqdir, həm də regionda davamlı sülh və sabitliyi təmin etmək gücündədir. Dünya nizamının yenidən qurulduğu bir dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. 

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışaraq bildirib ki, keçən il doğrudan da tarixi il sayıla bilər: “Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”.

Bundan başqa, ölkə başçısı bildirib ki, postmünaqişə dövründə regionada sülhün davamlılığını təmin etmək üçün Azərbaycan dövləti ciddi addımlar atır. Azərbaycan Ermənistan-Azərbaycan müharibəsi rəsmən başa çatdıqdan sonra, eləcə də sülh məsələsinin siyasi-hüquqi mərhələyə keçdiyi bir dövrdə iki dövlət arasında qarşılıqlı inam və etimad üçün rasional addımlar atır.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib: “Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanlandığı məktubda bildirib ki, bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edir: “Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

Zahid Rza, “İki sahil”