22 yanvar 2026 18:36
89

Rusiya ilə Gürcüstan arasında siyasi dialoq üçün hələlik əsaslar yoxdur - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Moskva ilə Tbilisi arasında siyasi dialoqun bərpası üçün hazırda zəruri ilkin şərtlər mövcud deyil.

“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Diplomat qeyd edib ki, siyasi dialoqun yenidən başlanması məsələsinə gəlincə, təəssüf ki, bunun üçün hələlik əsaslar yoxdur. “Tbilisi ilə siyasi dialoqun bərpasına dair, təəssüf hissi ilə deməliyəm ki, hazırda bunun üçün ilkin şərtlər mövcud deyil”, — deyə Zaxarova vurğulayıb.

Bununla yanaşı, o bildirib ki, Rusiya Gürcüstanla praqmatik münasibətlərin qurulmasında maraqlıdır.

Daha əvvəl Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bəyan etmişdi ki, Moskva Gürcüstanın Rusiyaya qarşı oyunlarda “alver predmeti”nə çevrilməyəcəyi təqdirdə münasibətlərin normallaşdırılmasına ciddi şəkildə köklənib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bundan öncə qeyd etmişdi ki, Gürcüstan hakimiyyətinin Rusiyaya münasibəti kifayət qədər aydındır: öz “qırmızı xətləri” mövcuddur, lakin eyni zamanda ticarət-iqtisadi əlaqələrin qorunub saxlanılmasını nəzərdə tutan praqmatik siyasət yürüdülür.