"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda inşa edilən bir tankerdə işlərin 40 faizi, digər iki gəmi üzrə prosesin 35 faizi tamamlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında deyilir.
Məlumata əsasən, maksimal sürəti 10 uzel, dedveyti 7 740 ton olacaq tankerlərin uzunluğu 141, eni 16,98, bortunun hündürlüyü 6 metr təşkil edəcək. Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yüklə yanaşmasına imkan verəcək.
Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa olunur.
ASCO-nun sifarişi ilə indiyədək BGZ-də 4 ədəd tanker inşa edilərək təhvil verilib. Onlardan "Laçın" və "Kəlbəcər" neft və neft məhsulları, "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən tankerlər də "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" gəmiləri ilə eyni layihədəndir.