Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Konfransının Vyanada keçirilən 171-ci toplantısında quruma üzv ölkələr neft hasilatının azaldılmasına dair razılığa gəliblər.
Konfransdan əvvəl Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin verdiyi nikbin açıqlamalar görüşdə fikir birliyi əldə olunacağı ehtimalını artırmışdı. O bildirmişdi ki, ölkəsi neft bazarlarının sabitləşməsinə nail olmaq üçün hasilatın azaldılmasına razıdır. İran və İraq nümayəndələrinin də kompromisə hazırlıq ifadə edən açıqlamaları gün ərzində “Brent” markalı neftin qiymətinin 8 faizədək artması ilə nəticələnib.
Qətərin energetika naziri və OPEC Konfransının prezidenti Mohammed Bin Saleh Al-Sada toplantının açılışındakı çıxışında sentyabr ayında Əlcəzairdə əldə edilmiş razılaşmanı yüksək qiymətləndirərək bildirib ki, bütün istehsalçılar vəziyyətin ciddiliyini anlayırlar.
Kartel gündəlik hasilatı 800 min barrel azaltmaq barədə qərar qəbul edib.