27 yanvar 2026 22:14
151

Dünyanın iqtisadi təzadları…

Ən çox varlı olanlar ən çox borcu olan ölkələrdir

Artıq dördüncü ildir davam edən Rusiya- Ukrayna müharibəsi ABŞ və Avropa ölkələrini ciddi münaqişəyə cəlb edib. Eyni zamanda, artıq başa çatmış İsrail- HƏMAS, İsrail- İran müharibələri də qlobal iqisadiyyatda tənəzüllərə səbəb olub. Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, dünyada ən çox qaz və neft ehtiyatlarına malik olan Rusiyanın Ukranaya qarşı başlatdığı müharibəyə görə iqtisadi sanksiyalarla üzləşməsi hələ də enerji bazarında ciddi çatışmazlıqlar yaradır. Həmçinin ABŞ kimi fövqəlgüc bir dövlətin dünyanın ən böyük ixraatçı ölkələri olan Çinə, Kanadaya və Meksikaya qoydüğü yüksək gömrük rüsumları, (bu, hətta 40- 70 faiz arasında dəyişir) qlobal miqyasda iqtisadi gərginlik yaradır.

Bəs davam edən ciddi hərbi münaqişələr dövründə hansı ölkələr öz iqtisadi sabitlyini qoruya biləcək? Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin sonlarında açıqladığı hesabatına əsasən, 2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik dövrü ola bilər. Çünki dünyada iqtisadi inkişafın tempi zəifləyir. Lakin bütün bunlara baxmayaraq ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalacaq. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ümumi daxili məhsul (ÜDM) reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,8 trilyon dollara çatacaq ki, bu da Çinin (2-ci yer), Almaniyanın (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM –in məbləğinə bərabərdir.

Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təqribən üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə üzləşir:. Belə ki, burada əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması problemləri mövcuddur. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.

Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü yerdəki mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir. Fondun məlumatına görə, Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.

Həmçinin Asiya dünyanın ən böyük iqtisadi regionuna çevriləcək. Çin, Yaponiya və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikadan irəli keçəcək. Üçüncü yerdə Avropa qərarlaşacaq, onun ardınca Yaxın Şərq, Cənubi Amerika, Afrika və nəhayət, Okeaniya gələcək.

BVF-nin digər hesabatında isə dünya ölkələrinin 2025-ci ildə ümumi dövlət borcunu açıqlanıb. Məlumata görə, 2025-ci ildə dünya ölkələrinin ümumi dövlət borcu 111 trilyon dollara çatıb.

Hesabatda qeyd olunur ki, qlobal dövlət borcunun üçdə birindən çoxu ABŞ-ın payına düşür. Ümumilikdə isə ən yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin üzərində cəmləşib. BVF-nin qiymətləndirməsinə görə, bu ölkələr dövlət borcundan iqtisadi artımı dəstəkləmək və fiskal siyasəti stimullaşdırmaq məqsədilə istifadə edirlər.

Dövlət borcu ən yüksək olan 10 ölkə arasında ABŞ 38,5 trilyon dollar borcla ilk sıradadır. Onu 18,7 trilyon dollar borcla Çin və 9,8 trilyon dollarla Yaponiya izləyir. Siyahıda, həmçinin Böyük Britaniya (4,1 trilyon dollar), Fransa (3,9 trilyon dollar), İtaliya (3,5 trilyon dollar), Hindistan (3,4 trilyon dollar), Almaniya (3,3 trilyon dollar), Kanada (2,6 trilyon dollar) və Braziliya (2 trilyon dollar) yer alır.

Qeyd edək ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollar təşkil edir ki, bu da ölkənin ümumi daxili məhsulunun 19,5 faizinə bərabərdir. Borcun 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard manatı və ya 67,2 faizi isə daxili dövlət borcunun payına düşür.

İqtisadçılar dünya dövlətlərinin xarici borclarını «normal iqtisadi proses» kimi təqdim edirlər. Onların qənətinə görə, böhran zamanı – resessiya riski yarananda sosial gərginlik artanda borc alınması iqtisadiyyatı stimullaşdırır və xərcləri artırır. Nəticədə isə dünya iqtisadiyyatı, necə deyərlər, borcsuz nəfəs ala bilməyən sistemə çevrilir. Maraqlıdır ki, borcun əsas yükü məhz inkişaf etmiş ölkələrin üzərindədir.

Əslində, bu gün dünya ölkələri üçün əsas məsələ borcdan imtina yox, borcun ağıllı idarə olunması, onun real iqtisadi dəyər yaradan sahələrə yönəldilməsidir. Təbii ki, bundan səmərəli yaralanan ölkələr iqtisadi inkişafın yeni mərhələsinə adlaya bilirlər. Yəni, qlobal borc dalğası fonunda məhz bu prinsiplərə əməl edənlər özlərinin maliyyə təhlükəsizliyini təmin etməyi bacarırlar. Bu mənada xarici borclardan səmərəli yararlanmaq həm də ölkəmiz üçün strateji təhlükəsizlik məsələsidir.

Elçin Zaman, "İki sahil"