27 yanvar 2026 18:08
143

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində YENİ SƏHİFƏ AÇACAQ

Zaur İbrahimli: Bu sənədin birlikdə hazırlanması və aparılan müzakirələr barədə verilən məlumatlar  Bakı və Vaşinqtonun regional təhlükəsizlik, enerji marşrutları və yüksək texnologiyalar sahəsində vahid strateji baxışa sahib olduğunu təsdiqləyir. Bu, Tramp administrasiyasının Cənubi Qafqazda  “praktiki tərəfdaşlıq” modelinə keçidinin ən bariz nümunəsidir

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, yaxın vaxtlarda ABŞ-la Xartiya imzalanacaq: “Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni Strateji Tərəfdaşlıq Xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır. Biz avqustun 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır”.

Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heytəinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan ilə ABŞ arasında fevral ayında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasındakı münasibətləri institusional və sistemli bir müttəfiqlik səviyyəsinə qaldırmağa imkan verəcək: “Bu sənədin birlikdə hazırlanması və aparılan müzakirələr barədə verilən məlumatlar  Bakı və Vaşinqtonun regional təhlükəsizlik, enerji marşrutları və yüksək texnologiyalar sahəsində vahid strateji baxışa sahib olduğunu təsdiqləyir. Bu, Tramp administrasiyasının Cənubi Qafqazda  “praktiki tərəfdaşlıq” modelinə keçidinin ən bariz nümunəsidir”.

Siyasi şərhçi qeyd etdi ki, Xartiyanın məzmunu üç fundamental sütun üzərində qurulub: regional bağlantılar, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı: “Sənəd çərçivəsində Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi nəqliyyat və enerji layihələri ABŞ-ın siyasi və iqtisadi zəmanəti ilə gücləndirilir. Eyni zamanda, süni intellekt, rəqəmsal infrastruktur və yarımkeçirici istehsalı kimi sahələrdə Amerika texnologiyalarının Azərbaycana transferi üçün yeni imkanlar yaranacaq”.

Z. İbrahimlinin qənaətinə görə, hərbi və təhlükəsizlik sferasında isə Xartiya keyfiyyətcə yeni reallıqlar yaradır: “Donald Trampın bu yaxınlarda bildirdiyi kimi, sənəd çərçivəsində Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqlarının, o cümlədən xüsusi təyinatlı qayıqların və zirehli vasitələrin satışı nəzərdə tutulur. Bu, illərdir davam edən məhdudiyyətlərin (məsələn, 907-ci düzəlişin təsirlərinin) faktiki olaraq arxa plana keçməsi, ləğvi perspektvinin reallaşması və Azərbaycanın regionda ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı kimi tanınması deməkdir”.

Siyasi şərhçi onu da qeyd etdi ki, sənədin fevral ayında reallaşacaq imzalanma mərasimi, həmçinin ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya gözlənilən səfəri və ilk genişmiqyaslı Amerika biznes missiyası ilə müşayiət olunacaq: “Bu Xartiyanı imzalamaqla  Azərbaycan balanslaşdırılmış xarici siyasətini qorumaqla  ABŞ-la münasibətlərində ən yüksək tərəfdaşlıq statusuna nail olmağı bacaracaq”.

Zahid Rza, “İki sahil”