Vidadi Qafarov: Bu və ya digər aparıcının, aktyorun danışıq tərzi bütöv bir auditoriyanın dil mədəniyyətinə təsir edir
“Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı proqram xarakterli fikirlər söyləmiş, dili milli kimliyin göstəricisi adlandırmış, onun saflığının qorunmasını dövlətin və cəmiyyətin birgə vəzifəsi olduğunu xüsusi qeyd etmişdir. Ölkə başçısı televiziya jurnalistləri ilə görüşündə demişdir ki, biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız dil bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir, bu, böyük nailiyyətdir. Dövlətimizin başçısı, həmçinin bildirmişdir ki, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, həmin tədbirdə dövlət başçımızın dilimizlə bağlı səsləndirdiyi fikilər böyük rezonans doğurub, ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub”.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “İki sahil”ə açıqlmasında bildirdi. Onun sözlərinə görə, artıq danılmaz faktdır ki, bu gün hər birimizin ailə üzvünə çevrilən televiziya qədər ikinci bir nitq tribunamız yoxdur: “Bu mənada televiziyanın nitq mədəniyyətinin, ədəbi dilin və tələffüzün formalaşmasında müstəsna rolu vardır. Odur ki, hər bir televiziya verilişində ədəbi tələffüz məsələsi həmişə diqqət mərkəzində saxlanılmalıdır. Amma nə yazıq ki, bəzi aparıcılar, xüsusən də "sarı simə" toxunan verilişlərin, tok-şouların aparıcıları dilimizi korlayan sözlərdən istifadə edirlər. Buna “nastroyeniye”, “uje”, “molodes”, “koneçno”, “okey”, “pardon”, “kruq”, “luçşı”, “vabşe” kimi sözləri misal göstərə bilərəm. Halbuki bu sözlərin dilimizdə çox yaxşı qarşılıqları var. Onu da qeyd edim ki, televiziyada belə sözlərin işlədilməsi adi hal alıb. Bəzi aparıcılar isə efirdə məişət dilində, həm də ləhcə ilə danışırlar, dialekt sözlərdən istifadə edirlər. Bununla da dilimizə xələl gətirirlər, ədəbi dilimizin genofondu korlanır, fonetik, leksik və qrammatik normaları pozulur. Yeri gəlmişkən, bu sahədə bəzi televiziya seriallarımızın da "xidməti" az deyil. Tamaşaçı ilə belə sözlərdən, cümlələrdən istifadə etməklə danışmaq olmaz. Axı televiziya ən kütləvi iformasiya vasitəsidir. Unutmaq olmaz ki, bu və ya digər aparıcının, serialda çıxış edən aktyorun danışıq tərzi bütöv bir auditoriyanın dil mədəniyyətinə təsir edir. Bu səbəbdən, televiziya dilimizin saflığını qorumalı, nitq mədəniyyətimizin təbliğatçısı kimi çıxış etməli, cəmiyyət üçün əgər belə demək mümkünsə, etalon olmalıdır.
Ana dili hər bir xalqın mənəvi sərvətidir. Gərəksiz, lüzumsuz ifadələrlə bu mənəvi sərvəti “zənginləşdirməyə” kimsə cürət etməməlidir. Fikrimcə, televiziyada səslənən hər söz məsuliyyət tələb edir. Dövlətimizin başçısının dediyi kimi, bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Əvəzində dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq. Şübhəsiz, ana dilimizi qorumaq milli kimliyimizi mühafizə etməyin ən əsas şərtidir”.
Müsahibimiz, həmçinin vurğuladı ki, mən bu fikirlərimi ölkəmizdə fəaliyyət göstərən bütün kanallara şamil edə bilmərəm: “AzTV, İctimai TV, ATV, eləcə də “Mədəniyyət” kanalında demək olar ki, ədəbi dilin normalarına riayət olunur. Amma ədəbi dilin normalarına əməl etməyən kifayət qədər televiziya kanalı var ki, onlarla bağlı ciddi tədbirlərin görülməsinin vaxtı çoxdan çatıb və bunun üçün məsuliyyət daşıyan müvaviq dövlət qurumları da var”.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində YENİ SƏHİFƏ AÇACAQ