02 dekabr 2016 14:15
264

ABŞ-ın həftəlik xam neft ehtiyatları azalıb

ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin xam neft ehtiyatları ötən həftə 0,9 milyon barrel (0,2%) azalaraq, 488,1 milyon barrel səviyyəsinə kimi geriləyib. Birjaların proqnozları isə neft ehtiyatlarının 0,6 milyon barrel artacağı istiqamətində idi. Xatırladaq ki, öncəki həftədə də ABŞ-ın xam neft ehtiyyatları 1,3 milyon barrel azalmışdı.

Geriləmə ABŞ-ın strateji neft ehtiyatına təsir etməyib. Belə ki, bu həftə qara qızıl ehtiyatında azalma olsa da, göstəricilər 695,1 milyon barrel səviyyəsində qalıb. Bu dönəmdə ABŞ-ın xam neft hasilatı ötən həftə ilə müqayisədə ortalama 9 min barrel artaraq 8,7 milyon barrel səviyyəsinə yüksəlib. ABŞ-ın neft hasilatında yüksəlmə müşahidə olunsa da, ölkəyə xam neft idxalı ötən həftə ilə müqayisədə günlük 30 min barrel geriləmə ilə 7,5 milyon barrelə qədər geriləyib.

Bununla bərabər ABŞ-ın həftəlik benzin ehtiyatı da sözügedən həftə ərzində 2,1 milyon barrel (0,9%) artaraq 226,1 milyon barrel səviyyəsinə çatıb. Halbuki birjaların proqnozuna görə, daha öncəki həftə benzin ehtiyatlarının göstəricilərində 1,2 milyon barrel səviyyəsində artım olacağı gözlənilsə də, bu rəqəm 2,1 milyon barrel səviyyəsində olub.

Həmidağa Məcidov, “İki sahil”