Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətindən bəhs edərək bu sülhün təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Hər iki ölkə 30 ildən artıq müddətdə müharibə şəraitində olub. İndi isə artıq altı aydır ki, sülh şəraitidir.
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Prezident İlham Əliyev bildirdi ki, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Azərbaycan təkcə öz ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadı, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladı. Yəni bu altı ay ərzində əməkdaşlığa başlanıb. Hazırda ticarət əlaqələri genişləndirilir.
Ölkə başçısı çıxışında qeyd etdi ki, ölkəmizin nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Azərbaycanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Münaqişələrin kölgəsində sülh çağırışı: Prezident İlham Əliyevin Əbu-Dabi nitqi