Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan əsas mesajlardan biri belə idi: uzunmüddətli münaqişəyə, illərlə davam edən əzablara və dərin qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bu fikir sadəcə nəzəri çağırış deyil, real siyasi təcrübəyə və yaşanmış tarixi proseslərə söykənən mövqenin ifadəsi idi. Azərbaycan nümunəsi bu baxımdan çıxışın ideya sütununu təşkil edirdi.
Prezident İlham Əliyev çıxışında diqqəti bir həqiqətə yönəltdi: sülh heç vaxt asan əldə olunmur. Uzun illər davam edən münaqişələr təkcə torpaqları deyil, eyni zamanda insanların yaddaşını, cəmiyyətlərin psixologiyasını, xalqlar arasında etimadı zədələyir. Lakin bütün bu ağır irsə baxmayaraq, sülh mümkündür və bu, yalnız siyasi iradə, beynəlxalq hüquqa hörmət və ədalətli mövqe sayəsində reallaşa bilər.
Azərbaycanın yaşadığı təcrübə göstərdi ki, illərlə davam edən işğal, humanitar fəlakətlər, məcburi köçkünlük və dağıntılar sülh ideyasını məhv etmədi. Əksinə, bu ağrılı tarix sülhün dəyərini daha da artırdı. Prezident İlham Əliyev məhz bu kontekstdə vurğuladı ki, sülh revanşizm üzərində deyil, qarşılıqlı hörmət və reallıqların qəbul edilməsi üzərində qurulmalıdır.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın mahiyyəti insanları dinindən, millətindən və siyasi baxışlarından asılı olmayaraq birləşdirən dəyərləri təşviq etməkdir. Prezident İlham Əliyev çıxışında bu dəyərlərin münaqişədən çıxmış cəmiyyətlər üçün xüsusilə vacib olduğunu qeyd etdi. Onun fikrincə, uzun illər davam edən qarşıdurmalar cəmiyyətlər arasında yalnız fiziki sərhədlər deyil, həm də psixoloji divarlar yaradır. Bu divarları dağıtmaq isə zaman, səbr və ardıcıl siyasət tələb edir.
Burada əsas məsələ etimadın yenidən qurulmasıdır. Etimad olmadan sülh kağız üzərində qalan razılaşmaya çevrilir. Prezident İlham Əliyevin mesajı aydın idi: sülh yalnız imzalanmış sənədlər deyil, insanların gündəlik həyatında hiss etdiyi təhlükəsizlik, sabitlik və qarşılıqlı hörmətdir.
Çıxışda diqqət çəkən digər mühüm məqam münaqişələrdən əziyyət çəkmiş xalqların üzərinə düşən xüsusi məsuliyyət idi. Prezident İlham Əliyev vurğuladı ki, əzab görmüş xalqlar sülhün dəyərini daha yaxşı anlayır və gələcək nəsilləri yeni münaqişələrdən qorumaq borcu daşıyır. Bu baxımdan sülh yalnız bugünün deyil, sabahın layihəsidir.
Uzunmüddətli münaqişələrdən çıxmış cəmiyyətlər üçün sülh – intiqamın yox, inkişafın yoludur. Dağıdılmış şəhərlərin bərpası, insanların doğma yurdlarına qayıdışı, multikultural həyatın yenidən canlanması sülhün real nəticələridir. Prezident İlham Əliyev məhz bu praktiki nəticələr üzərində dayanaraq, sülhün abstrakt anlayış olmadığını nümayiş etdirdi.
Əbu-Dabidə səslənən bu mesaj yalnız Azərbaycan üçün deyil, münaqişələrdən əziyyət çəkən bütün regionlar üçün ünvanlanmış çağırış idi. Müasir dünyada qarşıdurmaların artdığı, etimadsızlığın dərinləşdiyi bir vaxtda Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, sülh mümkündür və alternativsizdir.
“Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür” fikri bu çıxışın leytmotivi olmaqla yanaşı, XXI əsrin siyasi fəlsəfəsi üçün də mühüm mesajdır. Bu fikir göstərir ki, tarix insanları girov saxlamamalı, əksinə, onları daha ədalətli gələcək qurmağa sövq etməlidir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı sülhün mümkünlüyünə dair real və inandırıcı baxış ortaya qoydu. Bu çıxış sübut etdi ki, ən ağır münaqişələrdən sonra belə sülhə aparan yol mövcuddur. Yetər ki, bu yol siyasi iradə, ədalət, beynəlxalq hüquq və insan qardaşlığı prinsipləri üzərində qurulsun.
Bu mesaj Əbu-Dabidən dünyaya yayılan bir çağırış idi: əzabların mirası üzərində yeni düşmənçilik deyil, dayanıqlı sülh qurmaq mümkündür və bu, insanlığın ən böyük qələbəsidir.
Ramiz Hüseynov,
YAP Sumqayıt şəhər təşkilatının sədri