28 fevral 2026 11:30
97

Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi strateji əhəmiyyət kəsb edir - ŞƏRH

Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında”
Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir. Elə bu səbəbdən də uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. 

Milli Məclisin deputatı, Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bilrdirdi ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam müasir dövrdə dövlət siyasətinin sosial məsuliyyət istiqamətində atılmış mühüm addımlarından biridir: ”Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi bir zamanda uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi strateji əhəmiyyət kəsb edir. İnternet və sosial şəbəkələr uşaqlar üçün həm təhsil, həm də ünsiyyət baxımından geniş imkanlar yaradır. Lakin paralel olaraq zərərli kontent, kiberzorakılıq, aqressiv ideologiyalar, zərərli vərdişlərin təbliği və psixoloji asılılıq kimi təhlükələr də artır. Bu baxımdan Sərəncam preventiv xarakter daşıyır və problemi baş verdikdən sonra deyil, risk mərhələsində həll etməyə yönəlir”.

Milli Məclisin deputatının fikrincə, sənəd dövlətin rəqəmsal mühitə münasibətdə balanslı mövqe tutduğunu göstərir: “Məqsəd interneti məhdudlaşdırmaq deyil, təhlükəsiz və sağlam informasiya mühiti formalaşdırmaqdır. Uşaqların informasiya təhlükəsizliyi təkcə sosial məsələ deyil, həm də milli təhlükəsizlik komponentidir. Çünki rəqəmsal platformalarda yayılan manipulyativ məlumatlar, zorakılıq və qeyri-etik davranış modelləri gələcək nəslin dünyagörüşünə birbaşa təsir göstərir. Sərəncam uşaqların psixoloji sağlamlığının qorunmasını prioritet kimi müəyyən etməsi, dövlət qurumları arasında koordinasiyalı fəaliyyət mexanizmini yaratması, hüquqi və texniki tənzimləmə vasitələrinin təkmilləşdirilməsini nəzərdə tutması, maarifləndirmə və valideyn məsuliyyətini ön plana çəkməsi baxımından olduqca əhəmiyyətli məqamları əhatə edir. Bu yanaşma problemin yalnız texniki deyil, həm də sosial-psixoloji tərəflərini ortaya qoyur. Cənab Prezidentin Sərəncamı təhsil mühitində rəqəmsal təhlükəsizlik standartlarının formalaşmasına təkan verir. Məktəblərdə filtrasiya sistemlərinin tətbiqi, rəqəmsal savadlılıq dərslərinin genişləndirilməsi və etik davranış qaydalarının müəyyənləşdirilməsi uşaqların şüurlu və təhlükəsiz internet istifadəçisi kimi formalaşmasına xidmət edir".

Onun sözlərinə görə bu tətbiq, eyni zamanda, müəllim və valideynlərin rolunu artırır.  Çünki texnoloji nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə və düzgün istiqamətləndirmə də əsas şərtdir: "Sərəncamın ən mühüm cəhətlərindən biri dövlət-ailə-cəmiyyət əməkdaşlığını gücləndirməsidir. Rəqəmsal mühitdə təhlükəsizlik yalnız inzibati tədbirlərlə deyil, ictimai məsuliyyəti və mədəniyyəti formalaşdırmaqla mümkündür. Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sənəd birmənalı olaraq Azərbaycanın rəqəmsal transformasiya mərhələsində sosial dayanıqlılığın və milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş strateji qərardır. Uşaqlarımızın sağlam, təhlükəsiz və şüurlu rəqəmsal mühitdə böyüməsi isə ölkənin gələcəyinin etibarlı təminatı deməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”